Xalq arasında limonun yüksəlmiş qan təzyiqini endirməsi fikri hamıya məlumdur. Gündəlik həyatımızda “təzyiqim yüksəldi”, “təzyiqim var, mənə limon sıxın verin” - deyə eşidirik.
Bəs həqiqətən limon təzyiqi düşürürmü?
Əgər inanırıqsa bəli müəyyən qədər düşürə bilər. Yəni limonun qan təzyiqini düşürməsi məhz xəstənin inamı hesabına olur. Ümumiyyətlə xəstəliklərlə mübarizədə inam çox vacibdir. Limonu qəbul edib bəlli vaxtdan sonra təzyiqinin düşməsini inamla gözləyəndə orqanizmin kompensator funksiyaları hesabına təzyiq müəyyən qədər düşə bilər. Çünki limonun tərkibində olan maddələr qan təzyiqinin yüksəlməsi mexanizminə hər hansı təsir etmir. Limonun tərkibində C vitamini, sitrat turşusu ilə zəngindir ki, bunun da effekti hardasa qan durulaşdırıcı effekt ola bilər.
Qanı durulaşdırmaqla yüksəlmiş təzyiq enməz. Bu baxımdan onu tövsiyyə edirik ki, təzyiq xəstəliyiniz varsa, mütləq dərman müalicəsi almalısınız. Limon istifadə edə bilərsiniz, bu immunitetiniz üçün faydalıdır.
Lakin birdən birə yüksəlmiş təzyiqlərdə, xususilə də 160-dan yuxarı təzyiqlərdə, 3-5 limon sıxıb içmək və təzyiqin düşməyini gözləmək olmaz. Bu ciddi fəsadlara beyinə qan sızmaya, infarkta səbəb ola bilər.