SAYT ÜZRƏ AXTARIŞ

Aritmologiya

Aritmologiya

Normada ürək bəlli bir ritmlə döyünür. Bildiyimiz kimi ürək 4 kameradan yəni boşluqdan ibarətdir. 2 qulaqcıq, 2 mədəcik. Bu kameralar bəlli bir düzənlə yığılır. Nəticədə ürək döyüntüsü dediyimiz ürək vurğusu meydana çıxır. Ürəyin kameralarının ardıcıl olaraq bəlli bir ritmdə çalışması ürəyin özündə olan sinir düyünlərinin fəaliyyəti ilə əlaqədardır. Buna ürəyin elektrik sistemi deyə bilərik. Bu sistem sayəsində ürəyimiz yorulmadan, bütün ömrü boyunca çalışır. Lakin bəzi hallarda ürəyin ritmlərində anormallıqlar meydana çıxır. Buna aritmiyalar deyirik.

Aritmiya əsas iki səbəbdən ürək və ürəkdən kənar səbəblərdən yarana bilər. Koronar damar xəstəlikləri, ürək çatışmazlığı, hipertoniya və s. aritmiyalar yarada bilər. Ürəkdən kənar səbəblərə məsələn tiroid xəstəlikləri, sinir sistemi xəstəliklərini misal çəkə bilərik. Aritmiyalarda ən çox rastlaşdığımız əlamətlər ürək çırpınma hissi, gözlərdə qaralma, halsızlıq, baş gicəllənmə, tez yorulma, bəzən sinə nahiyyəsində ağrılardır. Bəzi aritmiya növləri daha təhlükəli hesab olunur ki, bu zaman xəstəliyə vaxtına müdaxilə etmək çox önəmlidir. Aritmiyaların müalicəsində ilk olaraq dərman müalicəsi aparılır, effektiv olmadığı halda müdaxiləvi müalicələr həmçinin ürək daxili cihaz imlantasiyaları aparılır. Ürək ritmlərini normallaşdırmaq üçün bir neçə növ cihaz istifadə edilə bilir. Bu cihazlarla ürək daxili cihazlar da deyilir. Sadə şəkildə desək ürək cihazları ürək döyüntüsü çox olduqda onu azaltmaq üçün, ürək döyüntüsü az olduqda onu artırmaq üçün istifadə edilir. Bəzi xəstəliklərdə ürəyin dayanma təhlükəsi olur ki, bu zaman defibrillyatorlu ürək daxili cihazlar istifadə edilə bilir. Bir qrup cihazlar isə ürəyin sinxron döyünmədiyi hallarda istifadə edilir. Ümumiyyətlə cihazlar adətən generator və elektrod hissədən ibarət olur. Generator hissə sinə nahiyyəsində əzələ içinə yerləşdirilir, elektrod hissə damar içindən ürəyə yeridilir. Bu cihazların generator hissəsində batareyası olur ki, bir müddətdən sonra batareyanın dəyişməsi lazım ola bilir. Ortalama ürək daxili cihazların batareyası 5-10 il ərzində çalışır.