Stent-biləkdən və ya bud nahiyəsindən damar içindən yeridilərək ürəkdə tac damarlarda olan darlıq və ya tıxanmanı aradan qaldırmaq üçün tətbiq olunur. Prosedur qısa zamanda icra olunur və narkozsuz qapalı ürək əməliyyatı hesab olunur. Həmçinin bu əməliyyata stent angioplastika və ya invaziv (müdaxiləvi ) ürək əməliyyatı da deyirlər. Stent angioplastika 30-60 dəqiqə çəkir, xəstə bir neçə gündən sonra tam normal iş həyatına qayıdır. Xəstə üçün bu əməliyyat daha az travmatik, bərpa prosesi isə daha tez olur, xəstə daha tez toparlanır. Bu baxımdan ürəkdə damar problemlərinin həllində ilkin olaraq invaziv müdaxilə yəni stent əməliyyatına görə dəyərləndirmə aparılır. Açıq ürək əməliyyatına görə riskləri daha azdır.
Arterial Koronar Şuntlama (BY-PASS) - narkozla aparılan geniş həcmli cərrahi ürək əməliyyatdır. Bu əməliyyat təcili və ya planlı şəkildə aparılan açıq ürək əməliyyatıdır. Əməliyyatdan sonra reanimasiyon müalicə aparılır. By-pass ürək əməliyyatı invaziv texnikanı icra etmək mümkün olmadığı hallarda, daha çox damar xəstəliklərində, uzun illərin tıxanıqlı damarları olan hallarda icra olunur. Bu əməliyyatda məqsəd bədənin digər nahiyəsindən damar götürməklə ürəkdə tıxanıqlı damara körpü atılır, və qidalanma bərpa olunur. İstənilən halda hər iki forma ürək əməliyyatında məqsəd ürəkdə qidalanmanı bərpa etməkdir. Xəstədə stent yoxsa by-pass ürək əməliyyatı olsun qərarını invaziv kardioloq və ürək damar cərrahı dəyərləndirmə və müzakirə apardıqdan sonra tibbi göstərişə əsasən qərar verirlər.