SAYT ÜZRƏ AXTARIŞ

Bayılma və ürək xəstəlikləri

Bayılma və ürək xəstəlikləri

Bayılma hansı hallarda ciddiyə alınmalıdır?

Bayılma və ya özündən getmə, ürəkgetmə (sinkop) beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi prosesidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər. Bayılma müddəti 10-30 saniyə, nadir hallarda daha çox çəkir.

Səbəbləri

Ürək-damar sistemi xəstəliklərində, çoxlu qan itirdikdə, müxtəlif xarici təsirlər (ağrı, qorxu, həyəcan və s.), ac qalmaq nəticəsində damarların qeyri-ixtiyari olaraq tonusdan düşməsi zamanı bayılma baş verə bilər. Səbəbinə görə bayılmalar bölünürlər:

Vazovaqal bayılma 50% hallarda olur. Bu cür ürəkgetmələr adətən normal insanlarda həyəcanlandığı zaman, qapalı ,hava çatışmayan otaqda və ya qorxu zamanı baş verə bilər. Bu zaman arterial təzyiq enir, nəbz seyrəlir, rəng avazıyır, soyuq tər basır, huş itir.

Ortostatik bayılma - Bu cür bayılmanın əsasında damarsıxıcı reflekslərin çatışmazlığı və ya labilliyi durur. Bayılma uzanmış və ya oturmuş vəziyyətdən qəflətən ayaqüstü vəziyyətə keçdikdə və ya uzun müddət ayaq üstə qaldıqda baş verir.

Kardiogen bayılma - Müxtəlif ürək xəstəliklərində, ən çox aritmiyalar zamanı baş verir. Bu cür bayılmalar ciddidir. Əgər bayılma tez tez, anidən, səbəbsiz yerə baş verirsə bu cür bayılmalar diqqətə alınmalıdır. Ən əsası kardioloqa müraciət olunmalıdır. Çünki gizli ürək xəstəlikləri xüsusən aritmiyalar buna səbəb ola bilər. Bizim mərkəzimizin fəaliyyət sahələrindən biri də məhz bu cür səbəbsiz baş verən bayılmaların araşdırılmasıdır.