SAYT ÜZRƏ AXTARIŞ

Ürəyin damar xəstəliklərində müdaxilələr Anju

Ürəyin damar xəstəliklərində müdaxilələr Anju

Koronar angioqrafiya nədir?

Koronar Angioqrafiya rentgen şüaları və xüsusi kontrast maddə hesabına ürəyin tac (koronar) damarlarının görüntülənməsi üsuludur. Koronar Angioqrafiya müayinə üsulu sayılır. Bu müayinəyə el arasında qısaca anjuda deyirlər. Ürəyin işemik xəstəliklərinin dəyərləndirilməsində Koronar angioqrafiya “Qızıl standart “ hesab olunur.

Koronar damarlar nədir?

Koronar damarlar aortadan ayrılır və ürəyi qidalandırmaq vəzifəsi daşıyırlar. Bir çox xəstəliklərdə bu damarlarda yaranan daralma və ya tıxanmalar bir sözlə ürəkdə qidalanma pozğunluğuna səbəb olur. Məhz bu səbəbdən angioqrafiya (anju) müayinəsi olunmaqla bu damarların vəziyyəti tam qiymətləndirilir. Əgər damarlarda daralma və ya tıxanma varsa müvafiq müalicə metodu seçilir.

Angioqrafiya (anju) bir kateter laboratoriyasında aparılır. Müayinə adətən bilək arteriyasından bəzi hallarda bud arteriyasından girilməklə icra edilir. Bu zaman müvafiq nahiyyəyə plastik tüp yerləşdirilir və kateter bu tüpün içindən keçməklə ürəyə qədər gedilir. Daha sonra kontrast yeridilir və hərəkətli rentgen şəkillər çəkilir. Sonra çəkilmiş rentgen görüntü izlənərək koronar damarlarda kontrast maddənin axın vəziyyətinə baxılır. Bu zaman koronar damarlarda problem varsa açıq aydın görünür.

Angioqrafiyadan (anju) əvvəl bir sıra müayinə və testlər edilir. Bundan sonra angioqrafiyaya qərar verilir. Xəstə müayinə zamanı tam ayıq vəziyyətdə olur. Sadəcə kateter salınacaq nahiyyə yerli anesteziya edilir. Xəstələr müayinə zamanı demək olar ki heç bir narahatlılıq hiss etməzlər. Bəzi xəstələr kontrast yeridilən anda istilikbasma olduğunu deyirlərki, bu keçicidir. Təqribən koronar angioqrafiya müayinəsi 15 dəqiqə çəkir.

Koronar angioqrafiyaya (anju) nə zaman edilir?

  • Stenokardiya
  • Miokard infarktı keçirən xəstələr
  • Daha əvvəl stent qoyulmuş və koronar şuntlama əməliyyatı keçirmiş xəstələrdə təkrar şikayətlər olduqda
  • Bəzi ürək əməliyyatlarına hazırlıq
  • Ürəkdə ciddi ritm pozulmaları olduqda
  • EKQ və Holter müayinələrində anormallıqlar olduqda
  • Ürək çatışmazlığında
  • Bir sıra testlərin mənfi olmasına baxmayaraq xəstədə ürək şikayətləri olduqda

Angioqrafiya müayinəsinə hazırlıq necə olur?

Angioqrafiyadan (anju) əvvəl bir sıra müayinələr (EKQ, Exokardioqrafiya) və laborator analizlər (xüsusilə böyrək testləri) aparılır. Yaxşı olar ki xəstə ac olsun. Ona görədə müayinəyə gələn xəstələr ya ac gəlir ya da səhər azca yemək yeməsi söylənilir. Xəstə müayinədən bir neçə saat öncə palataya yatızdırılır. Bu zaman damardan giriş olunacaq sahələr adətən bilək nahiyyəsi, hər ehtimala bud nahiyyəsi təraş olunur. Xəstə müayinə zamanı tam ayıq vəziyyətdə olur. Sadəcə kateter salınacaq nahiyyə yerli keyləşdirilir. Xəstələr müayinə zamanı demək olar ki heç bir ağrı hiss etməzlər. Bəzi xəstələr kontrast yeridilən anda istilikbasma olduğunu deyirlərki, bu müvəqqətidir. Müayinə ümumi olaraq 10-15 dəqiqə çəkir.

Angioqrafiyadan sonra nə edilməli?

Əgər angioqrafiya (anju) bilək nahiyyəsindən olunubsa 1-2 gün dincəldikdən sonra normal həyata qayıtmaq olar. Lakin prosedur bud nahiyyəsindən olunubsa bu zaman 3-4 gün dincəlməli, əsasəndə oturarkən ehtiyyatlı olmalı, kəskin hərəkətlər edilməməlidir. Damar girişim sahəsini kənar təsirlərdən qorumaq lazımdır. Bundan başqa xəstələr aşağıdakı məqamlara diqqət etməlidirlər.

  • Bol maye qəbul etmək-bu kontrast maddənin bədəndən çıxması üçün əhəmiyyətlidir.
  • Prosedurdan 1 gün sonra ilıq su ilə çimmək olar
  • Əgər müayinə bud nahiyyəsindən olunubsa asqırma, öskürmə kimi hallarda müvafiq nahiyəyə dəstək vermək lazımdır, həmçinin bir neçə gün yerdən tualet istifadə edilməməlidir
  • Bud nahiyyəsindən girişim olduqda 2-3 gün ağır qaldırmamaq, eləcədə 2-3 gün avtomobil idarə etməmək məsləhətdir.
  • 2 gün cinsi həyatdan uzaq durmaq tövsiyyə olunur.

Koronar angioqrafiya müayinəsinin nəticəsi nə olur?

Müayinənin nəticəsinə görə dərman müalicəsi (konservativ), angioplastika (damarı balonla genişləndirmək və stent qoymaq) və by-pass (aorta koronar şuntlama) qərarı verilə bilər.

Koronar stent və balon tətbiqi

Angioqrafiya müayinəsindən sonra damarlarda ciddi faiz darlıq aşkar olunarsa balon və stent tətbiqi (angioplastika əməliyyatı) həkim tərəfindən bildirilir. Angioplastika təcili və planlı ola bilər. Əgər damar tıxanıqlığı ürəkdə ciddi qidalanma pozğunluğu yaradırsa, və ya çox yüksək faiz darlıq aşkarlanarsa təcili angioplastika əməliyyatı aparılır. Lakin xəstənin vəziyyəti stabildirsə, damar darlıqları orta faiz göstəricilərindədirsə bu zaman planlı angioplastika aparıla bilər.

Stent nədir?

Stent xüsusi metaldan hazırlanır və toxunmuş qəfəs şəklindədir. Onu daralmış və ya tıxanmış damara yerləşdirməkdə məqsəd damarı açıq tutmaq, qan axınını yaxşılaşdırmaqdır. Stentlər 2-4 mm diametrində, 10-40 mm uzunluqda olurlar, həmçinin örtük qatına görə dərmanlı və dərmansız olmaqla ayrılırlar. Dərmanlı stentlər tibbi praktikada daha çox istifadə olunur. Çünki,dərmanlı stent qoyulmuş damarlarda təkrari daralma daha az rast gəlinir. Balon-xüsusi kateterin ücunda olur. Balon damar içində darlığı açmaq üçün, eləcədə stenti açmaq üçün kənardan təzyiq hesabına şişirdilir.

Aorta Koronar Şuntlama (AKŞ ) nədir?

Aorta koronar şuntlama və ya by-pass əməliyyatı– ürək damarlarında olan daralma və tutulmalara invaziv (müdaxiləvi ) yolla əməliyyat icra etmək mümkün olmadıqda, daha çox damar xəstəliklərində, uzun müddətli damar tutulmalarında və s. aparılır. Bu qərar koronar angioqrafiya müayinəsinə görə verilir. Bu əməliyyat açıq yolla narkozla aparılan geniş həcmli bir əməliyyatdır. Məqsəd ürəkdə koronar qan dövranını bərpa etmək, həyat keyfiyyətini yaxşılaşdırmaqdır. AKŞ əməliyyatında bədənin digər nahiyyələrindən ürəyə damar köçürülür. Bu əməliyyatı keçirən xəstələrdə də köçürülmüş damarların fəaliyyətini dəyərləndirmək üçün angioqrafiya müayinəsi aparıla bilər. Buna By-pass kontrolu deyirik.