Normada ürək bəlli bir ritmlə döyünür. Bildiyimiz kimi ürək 4 kameradan yəni boşluqdan ibarətdir. 2 qulaqcıq, 2 mədəcik. Bu kameralar bəlli bir düzənlə yığılır. Nəticədə ürək döyüntüsü dediyimiz ürək vurğusu meydana çıxır. Ürəyin kameralarının ardıcıl olaraq bəlli bir ritmdə çalışması ürəyin özündə olan sinir düyünlərinin fəaliyyəti ilə əlaqədardır. Buna ürəyin elektrik sistemi deyə bilərik. Bu sistem sayəsində ürəyimiz yorulmadan, bütün ömrü boyunca çalışır. Lakin bəzi hallarda ürəyin ritmlərində anormallıqlar meydana çıxır. Buna aritmiyalar deyirik.
Aritmiya əsas iki səbəbdən ürək və ürəkdən kənar səbəblərdən yarana bilər. Koronar damar xəstəlikləri, ürək çatışmazlığı, hipertoniya və s. aritmiyalar yarada bilər. Ürəkdən kənar səbəblərə məsələn tiroid xəstəlikləri, sinir sistemi xəstəliklərini misal çəkə bilərik. Aritmiyalarda ən çox rastlaşdığımız əlamətlər ürək çırpınma hissi, gözlərdə qaralma, halsızlıq,baş gicəllənmə, tez yorulma, bəzən sinə nahiyyəsində ağrılardır. Bəzi aritmiya növləri daha təhlükəli hesab olunur ki, bu zaman xəstəliyə vaxtına müdaxilə etmək çox önəmlidir. Aritmiyaların müalicəsində ilk olaraq dərman müalicəsi aparılır, effektiv olmadığı halda müdaxiləvi müalicələr həmçinin ürək daxili cihaz imlantasiyaları aparılır.